Şri-Lankalılar Azərbaycanın turizm potensialını öyrənir

02:00 02.10.2018

Milli Turizm Təbliğat Bürosunun iştirakı, “Paşa Travel”in tərəfdaşlığı və Azərbaycan Respublikasının Hindistandakı səfirliyinin dəstəyi ilə Şri-Lankanın turizm sənayesinin əsas iştirakçıları ilə görüş təşkil olunub. 

Şri-Lanka Səyahət Agentlikləri Assosiasiyasının 43-cü illik və İATA-nın (Beynəlxalq Hava Yolları Assosiasiyası) Şri-Lanka üzrə Agentliklər Assosiasiyasının 30-cu illik toplantısı bu il Azərbaycanda keçirilib. Hər il dünyanın müxtəlif şəhərlərində təşkil olunan görüşlər üçün bu ilki toplantı yeri Bakı şəhəri seçilib. 

Tədbirdə Azərbaycanın turizm potensialı, turizmin əsas inkişaf istiqamətləri və mövcud əməkdaşlıq imkanları barəsində təqdimatlar həyata keçirilib, ikitərəfli müzakirələr aparılıb, Şri-Lankadan olan turizm assosiasiyaları, hava yolları şirkətləri, tur operatorlar və agentliklər Azərbaycanla gələcək əməkdaşlıq üçün maraqlı olduqlarını ifadə edərək Azərbaycanın Şri-Lanka turistləri üçün hədəf turizm məkanlarından biri olması barəsində məlumat veriblər.