“REAL Vətən” Gəncənin turizm imkanlarını təqdim etdi

11:53 16.08.2021
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə təşəbbüsü və dəstəyi ilə Azərbaycanın daxili turizm potensialını nümayiş etdirmək və mövcud yerli turizm imkanlarını geniş kütləyə tanıtmaq məqsədini güdən "REAL Vətən" layihəsinin çəkilişləri davam edir.

“Real TV”-də yayımlanan məlumatlandırıcı və maarifləndirici telelayihənin budəfəki buraxılışında ərazisinə görə ölkənin ikinci böyük şəhəri olan Gəncədən bəhs olunub.

Gəncə buraxılışında şəhərin tarixi, tarixi və mədəniyyət abidələri, muzeyləri, özünəxas milli mətbəxi, Nizami məqbərəsi, Şah Abbas meydanı, Xan Bağı, Butulkalı ev, Hacıkənd, Heydər Əliyev Parkı, İmamzadə dini mədəniyyət abidəsi, Aleksandr Nevskiy kilsəsi, həmçinin digər turizm əhəmiyyətli məkanları barədə izləyicilərə geniş məlumat təqdim olunub.

Qeyd edək ki, ölkə vətəndaşlarını Azərbaycanın turizm imkanları haqqında məlumatlandırmaq, daxili turizmin malik olduğu potensialı diqqətə çatdırmaq məqsədini daşıyan telelayihə Azərbaycanın bütün bölgələrini əhatə etməklə 42 bölümdən ibarət olacaq.

Gəncə buraxılışının videosunu təqdim edirik: