Naftalanda sağlamlıq turizminin inkişaf perspektivləri müzakirə olunub

15:49 03.06.2026
Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə 2-3 iyun tarixlərində Naftalan şəhərində sağlamlıq turizmi üzrə işçi qrupun növbəti iclası keçirilib.

Tədbir çərçivəsində iştirakçılar Naftalan Turizm İnformasiya Mərkəzi, Naftalan neft quyuları və şəhərdə fəaliyyət göstərən sağlamlıq turizmi müəssisələrinə infoturda iştirak edərək müalicə və reabilitasiya xidmətləri, SPA imkanları və yerləşdirmə infrastrukturu ilə tanış olublar.

İşçi qrupun iclasında Naftalan şəhərində sağlamlıq turizmi imkanları, sanatoriya-kurort müəssisələrinin fəaliyyəti, xidmət keyfiyyətinin artırılması, insan resurslarının inkişafı və kadr hazırlığı məsələləri müzakirə olunub. Bununla yanaşı, Mingəçevir Turizm Peşə Məktəbi və digər təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi, tibb personalı üçün təlim proqramlarının təşkili və gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

İclasda Dövlət Turizm Agentliyi tərəfindən Naftalan və ətraf ərazilərdə turizm infrastrukturunun inkişafı istiqamətində həyat keçirilən tədbirlər haqqında məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin 28 sentyabr 2024-cü il tarixli “Naftalan neftinin sağlamlıq turizmində rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı bu istiqamətdə həyata keçirilən fəaliyyətlərin əsasını təşkil edir.

Naftalanda fəaliyyət göstərən hotel, sanatoriya və müalicə-sağlamlıq müəssisələrinin rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə xidmət keyfiyyətinin yüksəldilməsi və əməkdaşlıq imkanları müzakirə edilib. Eləcə də sağlamlıq turizminin inkişafı istiqamətində qurumlararası koordinasiyanın artırılması üzrə fəaliyyətin əhəmiyyəti qeyd olunub.

İşçi qrupun səfəri çərçivəsində, həmçinin Naftalanda fəaliyyət göstərən sanatoriya-kurort müəssisələrinin menecerləri üçün Ceyhun Aşurovun təqdimatında “Uğurlu karyera və müştəri məmnuniyyəti” mövzusunda təlim təşkil olunub.