DTA-nın tabeliyində olan təhsil müəssisələrində Anım Günü qeyd olunub

16:25 27.09.2022
Azərbaycan Turizm və Menecment Universitetində keçirilən tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov ötən il ATMU-nun auditoriyalarından birinə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan, universitetin məzun tələbəsi Məhəmmədəli Həsənzadənin adının verildiyini qeyd edərək onun xatirəsinin daim hörmət və qürur hissi ilə anılacağını bildirib.

Şəhid Məhəmmədəli Həsənzadənin valideynlərinin də iştirak etdiyi tədbirdə universitetin rektoru İlham Mədətov ATMU-nun 60 nəfərdən çox tələbə və məzununun ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək müxtəlif medallarla təltif olunduğunu qeyd edib.

Anım Günü ilə əlaqədar Bakı Turizm Peşə Məktəbinin rəhbər işçiləri, müəllim və tələbə kollektivi İkinci Şəhidlər xiyabanını ziyarət ediblər. Peşə məktəbində keçirilən tədbirdə burada hazırda təhsil alan Aprel döyüşləri və Vətən müharibəsi iştirakçıları olan tələbələr çıxış edərək keçdikləri döyüş yolu barədə auditoriyaya məlumat veriblər.

Həmçinin Mingəçevir Turizm Kollecində şəhid məzunların valideynlərinin iştirakı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə şəhidlərin əziz xatirəsi hörmətlə alınıb. Həmçinin Mingəçevir Turizm Kollecinin kollektivi Vətən müharibəsinin ildönümü ərəfəsində Mingəçevir Şəhər Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin xatirəsini dərin ehtiramla yad ediblər.