Dövlət Turizm Agentliyi “Anım Günü” münasibətilə ağacəkmə aksiyası keçirib

15:10 27.09.2021
Sentyabrın 27-də Dövlət Turizm Agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Anım Günü” münasibətilə Qusar rayonunun Aladaş kəndində ağacəkmə aksiyası keçirilib.

Tədbirdə iştirak edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda şəhid olan qəhrəman hərbçilərimizin xatirəsinin xalqımız üçün daim əziz olduğunu, hər zaman böyük ehtiramla yad edildiyini deyib.

Aksiya çərçivəsində Eldar şamı, həmişəyaşıl sərv, Arizona sərvi, tuya, ardıc, birgöz ağacları olmaqla ümumilikdə 3000 ağac əkilib. Ağac əkilən ərazilərdə təmizlik işləri aparılıb, qulluq göstərilib və suvarılması həyata keçirilib.

Aksiyada, həmçinin Vətən Müharibəsi şəhidlərinin ailə üzvləri də iştirak edib.

Ağacəkmə aksiyasında Dövlət Turizm Agentliyi ilə yanaşı, “Şahdağ” Turizm Mərkəzinin və Qusar Rayon İcra Hakimiyyətinin əməkdaşları da iştirak edib.

Qeyd edək ki, Şahdağ yolunun üzərində yerləşən Aladaş kəndinin turizm baxımından əhəmiyyəti nəzərə alınaraq Dövlət Turizm Agentliyi tərəfindən abadlaşdırılma aparılaraq ilkin mərhələdə 50 ev təmir edilib.