Azərbaycan Turizm Bürosu və İsveçrə Turizm təşkilatı arasında memorandum imzalanıb

02:00 24.10.2018

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid və İsveçrə Turizm təşkilatının İnkişaf edən bazarlar və xüsusi layihələr üzrə direktoru Federiko Sommaruqa arasında turizm sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. 

İmzalanma mərasimi Bakı şəhərində 24 oktyabrda keçirilən görüş zamanı baş tutub. Görüş Azərbaycanın İsveçrədəki səfirliyinin dəstəyi və təşəbbüsü ilə keçirilib. Görüşdə Azərbaycanın İsveçrədəki Fövqəladə və Səlahiyyətli səfiri Xanım İbrahimova da iştirak edib. 

Memoranduma əsasən hər iki tərəf turizm sahəsində qanunvericilik, turizm statistikasının yaxşılaşdırılması, turizm xidmətləri və infrastrukturunun keyfiyyətinin təkmilləşdirilməsi təcrübəsinin öyrənilməsi kimi məsələlər üzrə əməkdaşlıq edəcəklər. Həmçinin tərəflər turizm müəssisələrinin fəaliyyətinin tənzimlənməsi təcrübəsi ilə bağlı məlumat mübadiləsinin aparılmasını, qarşılıqlı olaraq sərgilər, təqdimatlar və bu kimi tədbirlər haqqında bir-birini məlumatlandırmağı öhdələrinə götürürlər. 

Memorandumda qeyd olunan məsələlərdən biri də qış turizmi, eləcə də turizm təhsili sahələrində əməkdaşlıq əlaqələrini təkmilləşdirmək, peşəkar kadrların təlimi ilə məşğul olan təhsil müəssisələri arasında qarşılıqlı münasibətləri inkişaf etdirməkdir.