Azərbaycanın qış və müalicəvi turizm imkanları Qazaxıstanda təbliğ edilib

14:47 16.11.2022
Azərbaycanın qış və müalicəvi turizm məhsullarının tanıdılması məqsədi ilə 14-16 noyabrda Azərbaycan Turizm Bürosu tərəfindən Qazaxıstanın Almatı və Astana şəhərlərində seminarlar təşkil olunub.
 
Keçirilən tədbirlərdə Azərbaycan Turizm Bürosu ilə yanaşı, “Şahdağ” Turizm Mərkəzi, “Shahdag Hotel & SPA”, “Zirvə”, “Qalaaltı Hotel &SPA”, “Lankaran Springs Wellness Resort”, “Garabag Resort & SPA”, “Chinar Hotel & SPA Naftalan”, “Gashalti Health Hotel” və “Duzdag” hotelləri təmsil olunublar.
 
Almatı və Astana şəhərlərində fəaliyyət göstərən yüzə yaxın turizm şirkəti keçirilən seminarlarda turizm məhsulları və hotellər haqqında məlumatlandırılıblar. Görüşlərdə ikitərəfi əməkdaşlıq əlaqələrinin inkişafı üzrə müzakirələr aparılıb.
 
Qeyd edək ki, Qazaxıstandan Azərbaycana əsasən həftəsonu Bakı turları üçün, eləcə də müalicəvi kurortlara və qış xizək komplekslərinə turistik səfərlər edilir. Hazırda Almatı və Aktau şəhərlərindən Bakıya birbaşa uçuşlar mövcuddur.
 
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycana səfər edən Qazaxıstan vətəndaşlarının sayı 25 434 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5.3 dəfə artım deməkdir.