ATB Rusiyanın ən iri səyahət platformalarından biri ilə kampaniyaya start verib

12:32 29.09.2021
Azərbaycan Turizm Bürosu Rusiyanın ən iri səyahət platformalarından biri olan “Travelask.ru” ilə əməkdaşlığa başlayıb.
 
Əməkdaşlıq çərçivəsində veb-saytda Azərbaycanın 5 turizm marşrutu haqqında geniş məlumat yerləşdirilib.
 
Məlumatlarda qastronomiya, sağlamlıq və rekreasiya, mədəni marşrutları, eləcə də paytaxt Bakı üzrə marşrut oxucuların diqqətinə çatdırılır.
 
“Azərbaycanın 9 təbii möcüzəsi” adı ilə təqdim edilən beşinci marşrut isə mövcud çimərliklər, palçıq vulkanları, dağ-xizək kurortları, milli parklar, haykinq turları və digər təbii resurslar əsasında inkişaf etdirilmiş turizm təkliflərini, eləcə də işğaldan azad olunmuş Qarabağ regionunun zəngin təbii sərvətlərini geniş şəkildə təsvir edir.
 
Bundan əlavə, “travelask.ru” saytında rusiyalı turistlər üçün müsabiqə də elan olunub. Müsabiqə saytda yerləşdirilmiş turizm marşrutları əsasında tərtib edilmiş sorğu şəklində aparılır. Belə ki, sorğunun nəticəsinə uyğun olaraq təklif olunan turizm  turunu “Facebook” və ya “Vkontakte” sosial şəbəkəsində paylaşan istifadçilər arasında təsadüfi seçim əsasında müəyyən olunan 2 şəxsə Azərbaycana səyahət turu hədiyyə olunur.
 
İrimiqyaslı marketinq və təbliğat kampaniyaları barədə danışan Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid bildirib ki, ölkəmizin turizm imkanlarının sistemli şəkildə hədəf bazarlarda fəaliyyət göstərən platforma istifadəçilərinin nəzərinə çatdırılması mühüm əhəmiyyət kəsb edir.
 
Belə ki, müxtəlif irimiqyaslı saytlarda unikal turizm təklifləri ayrı-ayrı marşrutlar üzrə qruplaşdırılaraq təqdim edilir. Bu da öz növbəsində potensial turistlərin diqqətini daha sürətli şəkildə cəlb etməyə xidmət edir.
 
2015-ci ildən istifadəyə verilmiş “travelask.ru” saytının aylıq unikal istifadəçi sayı 7 milyona çatır. Müxtəlif turizm destinasiyaları haqqında mütəmadi olaraq səyahət bələdçisi hazırlayan sayt aviabiletlər, hotel, tur paketləri və turistik səfərlərin onlayn sifarişi üçün 1000-dən çox xidmət təminatçısının ən sərfəli təkliflərini bir araya gətirir.
 
Qeyd edək ki, Azərbaycan Turizm Bürosu bundan əvvəl beynəlxalq platformalar olan “Wego”, “Expedia” və “Aviasales” ilə əməkdaşlığa başlamışdı.