DTA tərəfindən cənub regionuna infotur təşkil olunub

11:20 12.09.2025
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə 9-11 sentyabr tarixlərində cənub regionunun Xəzər sahilində yerləşən rayonlarına infotur təşkil edilib.

Astara, Lənkəran və Neftçala rayonlarını əhatə edən infoturda Azərbaycanda fəaliyyət göstərən 30 turizm şirkətinin nümayəndələri və səyahət blogerləri iştirak ediblər.

İnfoturun əsas məqsədi qeyd olunan rayonlarının turizm imkanlarının geniş şəkildə təbliğ olunması, son illərdə turizm sahəsində aparılan işlərin nümayiş etdirilməsi, eyni zamanda yeni turizm destinasiyalarının tanıdılmasıdır.

İnfotur çərçivəsində balıqçılıq, çay və sitrus təsərrüfatlarına, Hirkan Milli Parkına, bambuk plantasiyasına, Sım kəndinə, yeni istifadəyə verilmiş turizm müəssisələrinə səfər edilib.

Həmçinin iştirakçılar regionun yerli mətbəx nümünələri, müalicə turizmi və aqroturizm imkanları ilə tanış olublar.